29-02-2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Biləsuvar, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Gəncə, Bakı-Ağcabədi, Bakı-Kürdəmir, Bakı-Qazax, Bakı-İmişli, Bakı-Şirvan, Salyan-Gəncə, Sumqayıt-Ağcabədi şəhərlərarası, paytaxtın 126 nömrəli şəhərətrafı, 501 və 504 nömrəli şəhərlərarası, eləcə də 508 və 596 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 29 mart saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 012-567-99-76, 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
İştirakçılardan sənədlərini təqdim edərkən mart ayında bayram günlərini nəzərə almaları xahiş olunur.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Biləsuvar və Bakı-Göyçay istiqamətlərində 5 Lot üzrə aprelin 5-də;
Bakı-Oğuz, Bakı-Ağcabədi, Salyan-Gəncə və Sumqayıt-Ağcabədi istiqamətlərində 5 Lot üzrə aprelin 9-da;
Bakı-Kürdəmir, Bakı-Qazax, Bakı-İmişli istiqamətlərində 4 Lot üzrə aprelin 16-da;
Bakı-Gəncə və Bakı-Şirvan istiqamətlərində 5 Lot üzrə aprelin 19-da;
paytaxtın 126 nömrəli şəhərətrafı, 501 nömrəli şəhərlərarası (Sumqayıt-Saray-BBAK), 504 nömrəli şəhərlərarası (Sumqayıt-BBAK), 508 nömrəli şəhərətrafı (BBAK-Saray) və 596 nömrəli şəhərətrafı (Xırdalan-“Binə t/m”) müntəzəm avtobus marşrutları üzrə 5 Lot üzrə aprelin 23-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.