03-05-2024
2024-cü il 3 may tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrupu”nun videokonfrans formatında növbəti iclası keçirilib.
İclas çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”ndə icraçısı olduğu tədbirlər üzrə 01.05.2024-cü il tarixinədək görülən işlərə dair hesabat təqdim edilib.
Bununla yanaşı, Komissiyaya təqdim olunan layihələr barədə məruzələr zamanı iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Yol Xəritəsinin icrası, qarşıda duran məsələlər ilə bağlı ümumi müzakirələr aparılıb.
Hesabat xarakterli iclasda ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması sahəsində ən son yeniliklər və bu sahədə prioritetlər barədə məlumat verilib.
Qeyd olunub ki, ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılması üzrə təkliflərin hazırlanması davam etdirilir və yaxın müddətdə bu sahədə konkret təkliflər baxılması üçün aidiyyəti üzrə təqdim olunacaqdır.
İclasın yekununda Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bütün iştirakçılara təşəkkürünü bildirərək, Yol Xəritəsinin icrasında ilkin nəticələrin əldə olunmasını müsbət qiymətləndirib, eləcə də, Yol Xəritəsinin mərhələli icrası prosesinin daha da intensiv həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Eyni zamanda, İşçi qrup çərçivəsində görülən işlər, əldə edilən nailiyyətlər barədə ictimaiyyətin məlumatlandırılması tapşırığı verilib.
Məlumat üçün qeyd edək ki, altqrupa rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirir.