02-09-2024
Bakı şəhərində müasir standartlara cavab verən yol infrastrukturunun qurulması prosesi davam etdirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən həyata keçirilən xətlənmə işlərində və yol nişanlarının quraşdırılmasında yeni texnologiyalardan istifadə olunur.
Azərbaycanın ev sahibliyi edəcəyi COP-29 kimi mötəbər tədbirlə əlaqədar paytaxtda aparılan quruculuq işləri çərçivəsində AYNA tərəfindən Bakının inzibati ərazisində piyadaların və digər nəqliyyat iştirakçılarının təhlükəsizliyinin artırılması istiqamətində işlər həyata keçirilib.
Təkcə son iki həftə ərzində 55 küçə və prospektdə 274 yol nişanı quraşdırılıb. Hərəkət iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün nişanların görünməsi maksimum dərəcədə təmin edilib.
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin yaradılması çərçivəsində 26 küçə və prospektdə 77 km-dən çox hərəkət zolağı təşkil edilib.
Təmir-bərpa işləri aparılan 23 küçə və prospektdə 68 km-dən çox xətt çəkilib. Müasir standartlara cavab verən nişanlanma xətlərinin əksəriyyəti ikikomponentli boya ilə çəkilib. Boyanın işıq qaytarıcılığını artırmaq məqsədilə şüşə tozundan istifadə olunub.
56 küçə və prospektdə piyada keçidi, parklanma yeri, stop xətti və avtobus zolağı olmaqla xətlənmə işlərində əl əməyindən istifadə edilib. 71 məntəqədə piyada keçidinin nişanlanması aparılıb.
Qeyd edək ki, yeni tədris ili ərəfəsində təhsil müəssisələrinin qarşısında yol hərəkət təhlükəsizliyinin artyırılması məqsədilə mövcud piyada keçidləri yenilənib, olmayan ərazilərdə yeniləri təşkil edilib. Ümumilikdə 75 təhsil müəssisəsi ətrafında xətlənmə işləri həyata keçirilib. AYNA tərəfindən bu işlər davam etdirilir.