16-09-2024
Bu gündən Avropa Mobillik Həftəsi başlayır. Hər il Avropa Mobillik Həftəsi Azərbaycanda da keçirilir.
Avropa Mobillik Həftəsi Avropa Komissiyasının dayanıqlı şəhər mobilliyi strategiyasının aparıcı maarifləndirmə kampaniyasıdır. Bu kampaniya çərçivəsində aktiv mobillik, ictimai nəqliyyat və digər təmiz, “ağıllı” nəqliyyat həlləri təşviq olunur. Hər il 16-22 sentyabr tarixlərində müxtəlif maarifləndirmə təbirləri həyata keçirilir. Bunların arasında ən populyar olanı “Avtomobilsiz gün” kampaniyasıdır.
Şəhərlər hər il vətəndaş məmnuniyyətinin artırılması üçün nəqliyyat sahəsində yeniliklər edir, infrastruktur layihələri həyata keçirir, həmçinin hava keyfiyyətinin ölçülməsi sahəsində yeni texnologiyalar tətbiq edir. Hər il çox sayda şəhərlər gördüyü işləri media vasitəsilə geniş auditoriyaya çatdırır, bu da Avropanın dayanıqlı şəhər mobilliyi strategiyasının daha da geniş formada təşviq olunmasına kömək edir.
2023-cü ildə Mobillik Həftəsi üçün qeydiyyatdan keçənlər rekord sayda olub – 45 ölkədən 3351 şəhər və qəsəbə, 213 təşkilat (QHT) kampaniyaya qoşulub.
Avropa Mobillik Həftəsinin builki mövzusu “paylaşılan ictimai məkan”dır. Bu mövzu müxtəlif nəqliyyat növləri və onlardan istifadənin birgə mövcudluğunu diqqət mərkəzində saxlamaq məqsədilə seçilib. Avropa Mobillik Həftəsi gəzinti və velosiped sürmək, yol təhlükəsizliyi, inklüzivlik, bərabərlik və şəhər hərəkətliliyinin planlaşdırılması kimi məsələləri əhatə edəcək.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 12,5 km-lik mikromobillik zolağı təşkil edib. Bu çərçivədə paytaxtda müvafiq nişanlanma işləri aparılıb, yol nişanları, işıqfor dirəklərində velosiped bölmələri quraşdırılıb, panduslar inşa olunub. Mikromobillik vasitələrinin parklanması üçün şəhərdə 50-yə yaxın məntəqə yaradılıb. Həmçinin ilk velosiped kirayəsi xidməti fəaliyyətə başlayıb.
Həyata keçirilən layihələrlə sərnişinlərin ictimai nəqliyyata əlçatanlığı artırılır, rahat gediş-gəlişi təmin edilir, paytaxtın mobillik imkanları yaxşılaşdırılır və sıxlıq halları aradan qaldırılır.
AYNA paytaxtın 26 küçə və prospektində uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolağı təşkil edib. Bu ilin 8 ayı ərzində marşrut xətləri üzrə avtobusla sərnişindaşıma ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 213 451 sərnişin artaraq 272 199 384-ə çatıb. Növbəti mərhələdə davamlılığın təmin edilməsi, yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə daha 106 km avtobus zolağının təşkili nəzərdə tutulub.