18-10-2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlıyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) qurumun mütəxəssisləri, ekspertlər və media nümayəndələrinin iştirakı ilə növbəti ictimai dinləmə təşkil olunub.
Tədbirdə paytaxtda yol hərəkətinin təşkili və mobilliyin inkişafı istiqamətində yeni layihələr müzakirə olunub. Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsi, bu ərazinin yaxınlığında yaradılacaq qovşaq, eləcə də Nizami küçəsində mikromobillik zolaqlarının təşkili ilə bağlı təkliflər barədə məlumat verilib.
Belə ki, “28 May” metrostansiyasının yaxınlığında HUB (qovşaq) hazır olduqdan sonra Azadlıq prospektində hərəkətin yenidən təşkilinə dair məsələnin müzakirəsi zamanı bildirilib ki, Agentlik tərəfindən Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsi arasında olan hissəsində hərəkətin təşkilinə dair təklif layihəsi hazırlanıb.
Bu çərçivədə Şəmsi Bədəlbəyli küçəsində mövcud hərəkət zolaqlarının ölçülərini standartlara uyğunlaşdırmaqla Elman Babaxanov (Süleyman Rüstəm) küçəsi ilə kəsişmədən Azadlıq prospektinədək hissədə, sol tərəfdə xüsusi hərəkət zolağının təşkili nəzərdə tutulur. Bundan başqa, Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsi arasında olan hissəsində mövcud hərəkət istiqamətinə əks istiqamətdə olmaqla xüsusi hərəkət zolaqlarının təşkili də planlaşdırılır.
Bununla da Şəmsi Bədəlbəyli küçəsində sol tərəfdə xüsusi hərəkət zolağından Azadlıq prospektində əks istiqamətdə təşkil ediləcək xüsusi hərəkət zolağı vasitəsilə HUB-a və Füzuli küçəsinə, eləcə də HUB-dan Füzuli küçəsinə avtobusların birbaşa hərəkəti təmin ediləcək.
Şəhərdə mobilliyin transformasiyası proqramında əsas prinsiplərdən biri nəqliyyatın və piyadaların hərəkət təhlükəsizliyinin təmin edilməsidir. Bu məqsədlə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələri ilə kəsişməsində hərəkət işıqfor vasitəsilə nizamlanacaq. Eyni zamanda, Azadlıq prospekti və Şəmsi Bədəlbəyli küçəsindəki mövcud mikromobillik zolaqlarının “28 May” metrostansiyası ətrafında yaradılacaq HUB daxilindəki mikromobillik yolları ilə əlaqələndirilməsi və mikromobillik vasitələri üçün yeni parklanma yerləri təşkil ediləcək.
Dinləmə zamanı, həmçinin bildirilib ki, Agentlik tərəfindən paytaxtın Nizami küçəsində mikromobillik zolaqlarının təşkilinə dair təklif layihəsi hazırlanıb. Layihə çərçivəsində Nizami küçəsində yolun sol kənarında mikromobillik zolaqlarının təşkili, 2 hərəkət zolağı və sağ kənarda paralel və perpendikulyar parklanma yerlərinin təşkili nəzərdə tutulur. Sözügedən mikromobillik zolaqları Nizami küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyədək olan hissəsində təşkil ediləcək. O da qeyd olunub ki, standartlar çərçivəsində yeni nişanlanma xətlərinin təşkili zamanı öncədən mövcud olan sayda hərəkət zolaqları saxlanılacaq.
Görüşdə, həmçinin ekspert Eldəniz Cəfərovun “BakıKart” tətbiqi ilə bağlı sualı cavablandırılıb. Tətbiqdə təkmilləşdirmə işlərinin davam etdirildiyi və onun yaxın günlərdə istifadəyə veriləcəyi bildirilib.
Müzakirə zamanı bir daha vurğulanıb ki, vətəndaşların “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib: “Tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər. Qeyd olunub ki, vətəndaşlar ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən (məsələn, “BirBank” və “M10” tətbiqlərində QR-kodlar yaratmaqla) istifadə edə bilərlər. O da bildirilib ki, hazırda vətəndaşlar “BakıKart”ın balansını artırmaq üçün daha çox imkanlara sahibdirlər. Bakı Metropoliteninin stansiyalarında “BakıKart” yükləmə aparatları sərnişinlərin ixtiyarındadır. Həmçinin hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən xeyli sayda “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir.
AYNA-nın mütəxəssisləri, ekspertlər və media nümayəndələri arasında səmərəli fikir mübadiləsi şəraitində keçən tədbirdə bir daha vurğulanıb ki, ümumilikdə paytaxtın nəqliyyat sistemində vəziyyətin yaxşılaşdırılması, mobilliyin artırılması və son nəticədə bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunmasına hesablanmış yeni təklif və layihələrin müzakirəsinə həsr olunmuş ictimai dinləmələr bundan sonra da təşkil olunacaq.
Xatırladaq ki, artıq Bakıda 31 küçə və prospektdə 89 km xüsusi hərəkət zolağı təşkil edilib. Müxtəlif ərazilərdə təşkil edilən həmin zolaqlarla gün ərzində 68 min dəfəyə yaxın avtobus hərəkət edir və 900 mindən çox sərnişin daşınır.
Bundan başqa, AYNA tərəfindən paytaxtın bir çox yerlərində sürücülərin avtomobillərini rahat saxlaya bilməsi üçün yeni və müasir parklanma məntəqələri salınır, sərnişindaşıma sahəsində göstərilən xidmət keyfiyyəti, təhlükəsizlik və rahatlığın artırılması məqsədilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.