29-10-2024
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupunun 29 oktyabr 2024-cü il tarixində hesabat xarakterli iclası Bakı KOB Evində keçirilib.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev tədbir iştirakçılarını salamladı və açılış nitqi ilə çıxış etdi.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev alt qrup tərəfindən görülən işlər barədə məlumat verdi və hesabatların hazırlandığını qeyd etdi.
İclasda “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin icra vəziyyəti və bu sahədə aktual məsələlər geniş müzakirə olunub. İclas çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən Yol Xəritəsində icraçısı olduğu tədbirlər üzrə görülən işlərə dair hesabat təqdim edilib, əldə olunan nəaliyyətlər barədə ətraflı məlumat verilib.
Həmçinin, iclasda mülkiyyət növündən asılı olmayaraq elektrikdoldurma xidməti göstərən bütün elektrikdoldurma məntəqələrinin Vahid Platformaya inteqrasiyasının təmin edilməsi üzrə “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifovun məruzəsi dinlənilib və bu istiqamətdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə elektrikdoldurma xidməti ilə əlaqədar tariflərə dair təkliflər müzakirə olunaraq bu sahədə növbəti addımlar müəyyən olunub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov qeyd etdi ki, AYNA tərəfindən mikromobillik vasitələrinin təşviqi, bununla bağlı infrastrukturun qurulması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hazırda Bakı şəhərində mikromobillik zolaqları təxminən 32 km-ə qədər genişləndirilib. Əhalinin mikromobillik vasitələrindən təhlükəsiz və əlverişli formada istifadəsi üçün zolaqların əlaqəliliyi təmin edilir.
Bununla yanaşı, altqrupun bundan öncəki iclaslarında qərara alınmış tədbirlərin icra vəziyyətinə dair məlumat təqdim edilib, qeyd olunan tədbirlərin icrasının tamamlanması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Sonda isə icrası davam edən tədbirlər və qarşıda duran məsələlər müzakirə edilib.
Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın müvafiq altqrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirir (https://azranking.az/working-groups ).