02-11-2024
COP29 konfransı tarixlərində Bakıda nəqliyyatın idarə olunması planı və bu istiqamətdə icrası nəzərdə tutulan kompleks tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) iştirakı ilə COP29 nəqliyyat planının təqdimatına dair brifinq keçirilib.
Tədbir məkanı olan Bakı Olimpiya Stadionunda baş tutan brifinqdə adıçəkilən qurumların nümayəndələri konfransın keçiriləcəyi müddətdə böyük ziyarətçi axınını idarə etmək məqsədilə nəqliyyat xidmətinin effektiv təşkili, iştirakçıların və yerli sakinlərin rahat hərəkətini təmin etmək üçün görülən tədbirlər barədə ətraflı məlumat verib.
Brifinqdə təqdimatla çıxış edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu qeyd edib ki, ölkəmizin indiyə qədər ev sahibliyi etdiyi ən irimiqyaslı tədbir olan COP29-a təşkilati hazırlıq işlərinin tələb etdiyi spesifik yanaşma həmin nəqliyyat sahəsində icra olunan tədbirlərə də şamil olunub. Belə ki, bu istiqamətdə müvafiq plan və konsepsiyanın hazırlanmasına bu ilin fevralından sentyabr ayına qədər hazırlandığı diqqətə çatdırılıb. Konsepsiya COP29 müddətində təhlükəsiz və operativ qaydada qonaqların hava limanından konfrans məkanına və əks istiqamətdə daşınması, şəhər daxilində sərbəst hərəkətinin təmin olunması, paytaxtda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi kimi elementləri özündə ehtiva etdiyini bildirən Orxan Mahmudlu Bakı şəhərində fəaliyyət göstərəcək nəqliyyat qovşaqları barədə də ətraflı məlumat verib. Çıxışda, həmçinin COP29 dövründə şəhərdə hərəkət edəcək xüsusi COP29 nəqliyyat vasitələri, xüsusi marşrutlu konfrans avtobusları, yüzlərlə xüsusi taksi və ekspres ictimai avtobusların fəaliyyəti, eləcə də COP29 xüsusi zolaqlar üzrə hərəkət qaydaları barədə geniş məlumat verilib.
Daha sonra çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev COP29-da iştirak məqsədilə paytaxta səfər edəcək qonaqların sayı nəzərə alınaraq şəhər sakinlərini ictimai nəqliyyatdan istifadə etməyə çağırıb. O, həmçinin həmin günlərdə hava limanı istiqamətində hərəkət edəcək vətəndaşlara alternativ olan Zığ şosesindən istifadə etməyi də tövsiyə edib. Anar Rzayev qeyd edib ki, COP29 günlərində hava limanından "28 May" və "Əhmədli" metro stansiyaları - iki istiqamətdə ictimai ekspres avtobusları fəaliyyət göstərəcək, həmçinin konfrans günlərində Bakıda avtobusların marşrut xətlərində müəyyən dəyişikliklər olacaq, bununla əlaqədar vətəndaşların qarşıdakı günlərdə məlumatlandırılacağını əlavə edib.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev isə çıxışında COP29 günlərində şəhərin müxtəlif istiqamətlərindən giriş və çıxışlarla bağlı məlumat verib. O qeyd edib ki, qlobal əhəmiyyətli bu tədbirin ölkəmizə səfər edəcək yüksəksəviyyəli qonaqların müşayiəti və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə tədbirin gedişatından asılı olaraq paytaxtın bəzi əsas küçə və prospektlərində fasilələrlə məhdudiyyətlər tətbiq olunacaq, lakin yolların bağlanmasına zərurət yoxdur. Biz sadəcə vətəndaşlarımıza tədbirin miqyasını nəzərə alaraq şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyi tövsiyə edirik.
Tədbirin sonunda media nümayəndələrini maraqlandıran sualların cavablandırılması üçün sual-cavab sessiyası keçirildi.
Xatırladaq ki, cari ay ərzində COP29 tarixlərində nəqliyyatın idarəedilməsi sxemlərinin sınaqdan keçirilməsi məqsədilə bir sıra genişmiqyaslı monitorinqlər keçirilib. Nəqliyyat monitorinqləri zamanı COP29-a məxsus avtobus və avtomobillər, yanğınsöndürümə və təcili tibbi yardım maşınları, eləcə də yüzlərlə COP29 könüllüsü cəlb edilməklə müxtəlif ssenari və istiqamətlər üzrə nəqliyyatın hərəkəti uğurla sınaqlardan keçirilmişdir.
Növbəti nəqliyyat monitorinqi isə 3 noyabr tarixində saat 11:00-dan 14:00-dək keçiriləcək. Monitorinq tədbirləri Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Bakıxanov, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Üseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir küçələri, həmçinin Mərdəkan, Zığ və Hava Limanı şoselərini əhatə edəcək. Sözügdən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur.