13-11-2024
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi ölkəmizin davamlı inkişaf və ekologiya, eləcə də beynəlxalq tədbirlər sahəsində etibarlı tərəfdaş kimi nüfuzunun göstəricisidir.
Noyabrın 12-si – COP29-un ikinci günündə daşıma sayı turistlərin yerüstü nəqliyyat xidmətlərinə yüksək marağını nümayiş etdirir ki, bu da bizim beynəlxalq arenada keyfiyyətli və etibarlı nəqliyyat həlləri təqdim etmək qabiliyyətimizi təsdiqləyir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, ötən gün 18 Nəqliyyat Mübadiləsi Mərkəzindən edilən 4200-dən çox səfər nəticəsində ümumilikdə 45 minə yaxın sərnişin getdiyi ünvana çatdırılıb. Bu sərnişindaşıma əməliyyatlarında Agentliyin 350 əməkdaşı iştirak edib.
Nəqliyyat vasitələrini düzgün yönləndirilməsi sayəsində sərnişinlərin rahat və təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportundan H1 ekspres avtobusu ilə “28 May” və H2 ekspres avtobusu ilə “Əhmədli” metro stansiyalarına çatdırılması həyata keçirilib.
Qeyd edək ki, tədbirin ilk günündə sərnişinlərin şəhər nəqliyyatından rahat və səmərəli istifadəsi üçün təşkil edilmiş 18 HUB-dan etibarlı nəqliyyat əlaqəsi təmin edilərək ümumilikdə 35 min sərnişin daşınmışdır.