18-12-2024
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarda rəqəmsal texnologiyalar uğurla tətbiq olunur. Bu proses ikitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə” blanklarının elektronlaşdırılmasını da əhatə edir.
Müvafiq layihənin uğurla həyata keçirilməsi nəticəsində Türkiyə Cümhuriyyəti ilə ikitərəfli yükdaşımalarda elektron icazənin tətbiqi ilə ilk sınaq daşınma yerinə yetirilib və qardaş ölkənin daşıyıcı şirkətinə məxsus yük avtomobili dekabrın 16-da Azərbaycana çatıb. Elektron icazənin tətbiqi ilə Azərbaycandan yola düşən ilk yük avtomobilinin isə bu gün Türkiyə ərazisinə daxil olması gözlənilir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, “İcazə” blanklarının mübadiləsi və verilməsinin tam rəqəmsallaşdırılması bu prosesin şəffaflığını təmin edəcək, yükdaşımaların təşkilinin səmərəliliyini artıracaq və icazələrin alınmasında vaxta qənaət etmək imkanı yaradacaq. Reallaşdırılan layihə ilkin mərhələdə Türkiyə, sonra isə mərhələli şəkildə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirilən digər ölkələrlə “İcazə” blanklarının elektron şəkildə mübadiləsi və verilməsini nəzərdə tutur.
Qeyd edək ki, beynəlxalq yükdaşımalarda elektronlaşma və rəqəmsal texnologiyaların daha geniş tətbiqi üçün işlər davam etdirilir.