27-08-2019
“Avtovağzaldan-avtovağzala” layihəsi
Avtovağzallar və avtostansiyalar əhalinin və ölkəmizə gələn turistlərin rahat və təhlükəsiz daşınmasının təşkilində böyük rol oynayır. Bu baxımdan, ölkəmizdə avtovağzal və avtostansiya şəbəkəsinin genişləndirilməsi, mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər görülüb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin, həmçinin sərnişinlərin və turistlərin daha təhlükəsiz, rahat və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə yenidənqurma işləri həyata keçirilib və bu işlərin tezliklə yekunlaşdırılması nəzərdə tutulub. Şəhərlərarası sərnişin daşımalarında dispetçer mərkəzinin yaradılması, habelə vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri ilə inteqrasiyası da diqqət mərkəzində olan məsələdir. Eyni zamanda, şəhərlərarası və beynəlxalq sərnişin daşımalarında avtobusların “avtovağzaldan-avtovağzala” prinsipi əsasında hərəkətinin təmin edilməsi üçün təkliflər hazırlanıb, tələbata uyğun olaraq paytaxtın bəzi yerlərində avtostansiyaların təşkili istiqamətində tədbirlər görülüb. Təqdim etdiyimiz layihənin əsas məqsədi nəqliyyat və piyada axınlarının bir-birindən ayrılması, heç bir yerüstü piyada zolağından (zebra) istifadə edilməməsi, avtobusların piyada axını ola biləcək yerlərdə geriyə hərəkətinin ləğv edilməsi, avtonəqliyyat vasitələrinin giriş və çıxış yerlərinin ayrı olması, taksilər, şəxsi minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələrinin əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilməsidir.