27-08-2019
Qəbələ və İsmayıllı avtovağzallarına pasportlar təqdim edildi.
Bakı Ekspo Mərkəzində 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” sərgisi çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov avtovağzalların rəhbərləri ilə görüşərək onlara qanuni şəkildə fəaliyyətlərini davam etdirmək üçün pasportlar təqdim edib.
Xatırladaq ki, “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə əsasən, hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportunun zəruriliyi rəsmiləşdirilib.
Avtovağzalın (avtostansiyanın) qanuni fəaliyyət göstərməsi üçün əsas rəsmi sənəd hesab edilən pasportların təqdimatı zamanı sərnişindaşımada yarana biləcək problemlərə dair fikir mübadiləsi aparılıb, qeyri-qanuni bilet satışının qarşısının alınması, avtobusların avtostansiyalara cəlb olunması və qrafiki kimi məsələlər əsas müzakirə mövzusu olub.
Bundan əlavə, İsmayıllı və Qəbələ avtovağzallarında qeyri-qanuni fəaliyyətlə məşğul olan daşıyıcılarla əlaqədar qabaqcadan tədbirlərin görülməsinə dair Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən müvafiq dəstəyin verilməsi ilə bağlı tərəflər ilkin razılığa gəlib.
Görüşdə Qəbələ və İsmayıllı avtovağzallarının rəhbərləri iştirak edib.