27-08-2019
"Belarus-Azərbaycan" Qarışıq Komissiyasının növbəti iclası keçirilib
Beynəlxalq avtomobil əlaqələri sahəsində Belarus-Azərbaycan Qarışıq
Komissiyasının növbəti iclası keçirilib
Cari ilin 25-26 aprel tarixlərində Minsk şəhərində beynəlxalq avtomobil əlaqələri sahəsində Belarus-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib. Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi cənab Həbib Həsənov, Belarus nümayəndə heyətinə isə Belarus Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi cənab Serqey Dubina rəhbərlik edib.
İclasda Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.
Tədbirdə Azərbaycan tərəfi Belarusiya ərazisində Azərbaycan avtodaşıyıcıları tərəfindən yol vergisinin ödənilməsinə baxmayaraq bir sıra hallarda Belarusiyanın beynəlxalq daşımalara nəzarət orqanlarının əməkdaşları tərəfindən cərimə olunması hallarına rast gəlindiyini bildirib və bu cür halların aradan qaldırılması üçün tədbirlərin görülməsini Belarusiya tərəfindən xahiş edib. Belarusiya tərəfi isə öz növbəsində Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin buraxılabilən ölçüləri, təhlükəli yüklərin daşınması qaydaları, Azərbaycan Respublikasının ərazisinə daxil olan zaman nəqliyyat vasitəsində olan yanacağın miqdarı, “İcazə Sistemi”nin tətbiqi barədə məlumat verilməsini Azərbaycan nümayəndə heyətindən xahiş edib. Azərbaycan tərəfi qeyd olunanlar barədə Belarusiya tərəfinə ətraflı məlumat təqdim edib.
Tərəflər hər iki ölkənin avtodaşıyıcılarının tələbatlarını nəzərə alaraq cari il və 2019-cu il üçün nəzərdə tutulan "İcazə blankları"nın mübadilə sayının artırılması barədə razılığa gəlib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusiyanın Nəqliyyat və Kommunikasiya Nazirliyinin Nəqliyyat Müfəttişliyi Baş İdarəsində olub, rəqəmsal taxoqraf sisteminin və “İcazə Sistemi”nin tətbiqi sahəsində Azərbaycan və Belarus təcrübəsi haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda, sürücülərin və nəqliyyat menecerlərinin təlim-tədrisini həyata keçirən Belarusiyanın Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasına səfər təşkil edilib, bu sahədə Belarusiya təcrübəsi barədə ətraflı məlumat təqdim edilib.
Sonda beynəlxalq avtomobil əlaqələri sahəsində Belarus-Azərbaycan Qarışıq Komissiyasının Protokolu imzalanıb.